Hər ilin əvvəlində İsveçrə, Almaniya və İtaliyada ənənəvi keçirilən “Tur de Ski” yarışı başa çatıb .

Sayca 16-cı xizək turnirinin sonuncu günündə azarkeşlər maraqlı mübarzənin şahidi olub. İtaliyanın Val de Fiemme məntəqəsində keçirilən 10 km məsafəyə mass-start yarışında norveçli xizəkçi Sür Röte uğur qazanıb. O, finiş xəttini 31 dəqiqə 42 saniyəyə qət edib. Ondan 2 saniyə geri qalan rusiyalı Denis Spivtsov 2-ci yerə çıxıb. Almaniyalı Fridrix Mox isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Maraqlıdır ki, yarışın əsas favoritlərindən olan Yohannes Klebo ilə Aleksandr Bolşunov imkanlarından aşağı səviyyədə çıxış edib. Norveçli xizəkçi 5-ci, onun rusiyalı rəqibi isə 7-ci yeri tutub. Buna baxmayaraq, Dünya Kuboku çərçivəsində ümumi sıralamada Klebo 1183 xalla liderliyini möhkəmlədib. Ondan 368 xal geridə olan Bolşunov isə 2-ci sırada qərarlaşıb. 527 xal toplayan Erik Valnes isə 3-cü sıraya yüksəlib.